Aqşin YENİSEY
Siyasət 10:00 15.09.2022

Bəşəri dəyərlərin milli əcinnələri

Bu gün Azərbaycanı havadarlıq etdiyi Ermənistana qarşı "ərazi iddiası etməkdə” beynəlxalq səviyyədə şərləməyə çalışan Fransanın Birinci Dünya müharibəsində öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməsini haqlı mövqe kimi müdafiə edən fransız yazıçısı Moris Barres deyirdi:

"Yanlış tərəfdə də olsa, həmişə öz ölkəmin haqlı olduğunu müdafiə edərəm!”

Barres tək deyildi. Modern çağın, demək olar ki, bütün aydınları öz ölkəsinin, öz dövlətinin haqlı, haqsız mövqeyinin dəstəkçisi idi. Fransız filosofu Jülen Benda özünün "Aydınların xəyanəti” kitabında bu aydınları, özü hərbi strateq olan Makiavellidən tutmuş cəbhəyə könüllü əsgər kimi yollanan Nitsşeyə qədər, bəşəri dəyərləri milli dəyərlərə qurban verməkdə qınayırdı. Amma cifayda!
 
Qərb dəyəri dedikdə Qərb aydınlarının bu milli duruşuna da baxmaq lazımdır. Yoxsa Qərb hümanizmini milli tumanizm (LGBT, eşcinsəllik, feminizm və s.) səviyyəsində təbliğ etməyin "beynəlxalq yaltaqlıq”dan başqa adı olmayacaq.

Avropanın ədalətə deyil, gücə tapındığı dövr o dövr idi ki, qitə mədəniyyəti allahmərkəzli xristian düşüncəsinin yerinə insanmərkəzli yunan düşüncəsini qoymuşdu; əxlaqı siyasətdən, ədaləti dövlətdən ayırmışdı. 

Müasir Avropa, gücü ədalətin önünə qoyan modern düşüncənin meyvəsidir. 

Bu, necə baş verdi?

Aristotel insanı "zoon politikon”, yəni "siyasi heyvan” adlandırırdı. Müəllimi Platondan fərqli olaraq, Aristotel çinlilər kimi ailəni dövlətin özəyi hesab edirdi və bu özəkdən yaranan dövlətin böyüməsi, yaşaması üçün düzlük, doğruluq, ədalət kimi mənəvi dəyərlərin vacib olduğunu söyləyirdi. Platona görə, ədalətdən kənarda fayda və qazanc yox idi, vardısa da, deməli, orada günah və cinayət vardı. 

Platonun müəllimi Sokrat da Afinanı güclü edən hər şeyi – ticarət limanlarını, nəhəng tərsanələri, silah sənayesini söyürdü, əsas məsələnin ədalət və düzlük olduğunu iddia edirdi.

Platondan ilhamlanan Fərabi də (IX-X əsrlər) "Əl-Mədinətül Fazıla” ("Fəzilətli Dövlət”) əsərində dövləti "ədalətin qulluqçusu” kimi təsvir edirdi. Eynisini Nizami Gəncəvi də "İsgəndərnamə” əsərinin "İqbalnamə” hissəsində söyləyirdi.  

Orta əsrlərdə xristian dünyasındaki "Tanrı dövləti” anlayışı Yunanıstandakı "polis dövləti” deyilən idarəetmə formasının bir az fərqli formasıydı. Hər iki dövlət tipi dini təməli əsas götürürdü. 

Roma filosofu Avqustin (V əsr) dövləti tanrının yerdə təmsilçisi hesab edirdi. "Dövlətin gücü ədalətdir” deyirdi. İtalyan filosofu, teoloq Foma Akvinski XIII əsrdə hakimiyyətin tanrı tərəfindən təyin olunduğunu söyləyirdi. 

Orta əsrlərdə Avropada ədalətə söykənən "tanrı dövlət”in sütunlarının yerdə deyil, göydə olmasının əsas səbəbi latınca yazıb-oxumağı bacaranların hamısının kilsə məktəblərində yetişməsi idi. Hətta bəzi xristian şahzadələr yazıb-oxumağı bacarmasalar da, saraylarında dövlət işlərini yazılı aparmaq üçün kilsə məktəbi görmüş dövlət xadimləri saxlayırdılar. Dövlət kilsənin imkanlarından asılı idi.  

Antik Çində də dövlət haqqında bu cür düşünürdülər. Çinlilər ailəni dövlətin özəyi kimi götürürdülər. Bir növ, dövlət məsuliyyətini izah edən "hsiao” anlayışı da ailə üzvlərinin bir-biri qarşısında daşıdığı məsuliyyəti ifadə edirdi ki, bu da gücü yox, düzlüyü, ədaləti ön plana daşımaq demək idi. Çində imperatora "Göyün oğlu” deyirdilər, yəni imperatoru tanrı təyin edirdi. 

Ədalətə əsaslanan dini dövlət düşüncəsi XV-XVI əsrə möhürünü vuran Makiavelliyə qədər davam etdi. İlk dəfə Makiavelli "siyasətin əxlaqla heç bir bağlılığı yoxdur” deyərək dövləti mənəvi meyarlardan, o cümlədən, ədalət anlayışından uzaqlaşdırdı. 

XVI əsrdə fransız filosof Jan Boden Makiavellinin səsinə səs verdi: "Anarxiya ilə üzləşmək istəməyən bir dövlət bütün hakimiyyəti tək bir krala verməyə məcburdur”.

XVII əsrdə Tomas Hobbs "Leviafan” əsəri ilə dövlət idarəetməsində gücü tamamilə ədalətin yerinə keçirdi. Russo kimi gücü liderin yox, xalqın təmsil etməsi fikrini irəli sürənlər də var idi. Amma biz bir azdan görəcəyik ki, almanlar heç də belə düşünmədilər.

Şərqdə daha əvvəl Platon, Fərabi, Nizami kimi "utopik şəhər”, "utopik dövlət” təklifləri olduğu kimi, Orta əsrlərdə Avropada da oxşar təkliflər oldu. Tomas Mor "Utopiya”, Fransis Bekon "Yeni Atlantik” kimi əsərləri ilə hakimiyyət gücünün əvəzinə utopik dövlət modelləri irəli sürdülər. Mor, məsələn, öz təklifinin bədəlini London körpüsündən salanan kəsilmiş başı ilə ödədi.  

Modern dövlət fəlsəfəsi ənənəvi dini dövlət düşüncəsini kökündən dəyişdi; modern dövlət və dövlət başçısı ədaləti yox, gücü təmsil etməliydi. Monteskyö də Makiavellinin, Hobbsun, yəni qılıncın tərəfini tutdu. Dövlət fəlsəfəsinin topunu italiyanlardan və fransızlardan alan alman filosofları güc anlayışını ilahiləşdirdilər. Nitsşe adil olmağı arzulamağı alçaq ruhun istəyi adlandırdı, Hegel dedi ki, əxlaq praktik olandır, Lotse, Sorel, Şegel ədalət haqqında daha pis şeylər danışdılar. Almanlar gücü bir öydülər, bir öydülər ki, XX əsr bütünlüklə siyasi tarixə Hitler, Mussolini, Stalin, Atatürk, De Qoll kimi gücü təmsil edən liderlərin bioqrafiyası kimi yazıldı. 

Dövlət fəlsəfəsində praktik olan mənəvi olanı üstələdi, hətta yox etdi.   
 
Çox keçmədən güc və homofaber fəlsəfəsinin xarabaya çevirdiyi Avropa XX əsrin ortalarından etibarən  BMT, Aİ, İMF, İnsan Haqları Məhkəməsi kimi dövlətüstü təşkilatlar yaradaraq fikirləşdi ki, güc anlayışını fərdin, homofaberin üzərindən götürüb dövlət qurumlarının üzərinə qoymaq lazımdır, yəni güçlü olan dövlət başçısı yox, dövlət özü olmalıdır. Yenə ədalət anlayışı getdi fıştırığını çalmağa. Ona görə də bu gün Qərb dövlətlərindən ədalət umanların hamısı siyasi cahillərdir və gec-tez gülməli (əslində, ağlamalı) vəziyyətə düşürlər. Qərbdə insana və onun azadlıqlarına aid nə varsa, hamısı dövləti gücləndirmək üçündür. 

Söz vaxtına çəkər, iki il əvvəl sentyabr ayında Qarabağda Vətən müharibəsi başlayanda bəzi fransız media mənsubları Fransanı ədalətsiz mövqe tutduğu üçün deyil, öz ədalətsiz mövqeyində gücsüzlük göstərdiyi üçün qınayırdı. Fransa fransız mediası tərəfindən "Yeni Osmanizm”lə təhdid edilirdi.   

XXI əsrdə Türkiyə, Rusiya eynən Avropanın XX əsrin əvvəllərində getdiyi yolu seçdi, ədaləti deyil, gücü təmsil edən liderin ətrafında birləşmək. Çünki hər iki ölkədə başa düşdülər ki, neoliberalizm hər yerdə Qərbin ələ keçirmək istədiyi cəmiyyətlərin üzünə taxdığı, əslində, özünün dövlət maskasıdır.     
Bu gün Azərvaycanda da bu maska altında gizlənən mobil sürülər var ki, təyin olunmuş bircə məqsədə xidmət edirlər: Azərbaycan güclü dövlət olmamalıdır. Azərbaycanın güclü olduğu hər yerdə onlar saç yolmaqla, tuman yırtmaqla məşğuldurlar. 

Bizdə güc anlayışı mədəniləşməyib, siyasiləşməyib, daha doğrusu, uzun illərin müstəmləkə diktəsi bizdə belə bir xof yaradıb ki, güc olan yad olandır, gəlmədir, barbardır. Ardıcıl tarixi məğlubiyyətlərimizin dayəliyində öyrəşmişik ki, biz dünya ilə münasibətlərdə zəif tərəfi təmsil etməliyik. Ağlaşma boyumuza biçilib, sanki. Və bu təbliğatı aparmaq üçün seçilən vətəndaşlarımız, əsas etibarilə, cəmiyyətin psixi problemləri olan üzvləridir. Kritik məqam yaranan kimi Azərbaycana açıq-aşkar düşmən mövqeyi sərgiləyən Qərbin, Rusiyanın və İranın təsir dairəsində olan bu psixopat sürülər dərhal hərəkətə keçir və Azərbaycanın dövlət mövqeyini müdafiə edən hər kəsi linç etməyə girişirlər. Qərbin, Rusiyanın, İranın cəmiyyətimizə bir faydası var ki, ölkədə psixi pozuntuları olan nə qədər adam varsa hamısına yiyə durublar, çörək verirlər. Yoxsa bu qədər siyasiləşmiş əcinnənin gözünü və qarnını kim doyuracaqdı?

Beynəlxaq güclər Azərbaycanda bəşəri dəyərlərin milli əcinnələrini yetişdirməklə məşğuldurlar. Bu əcinnələr isə "mübarizələrini” ideyalar üzərindən deyil, şəxslər üzərindən gerçəkləşdirməklə görəvləndiriliblər. İdeoloji mübarizə şəxsiləşəndə isə psixoloji mübarizəyə çevrilir. 

İctimai mübarizəni şəxsiləşdirmək onu ictimai məsuliyyətdən azad edir, şəxslərarası intriqa səviyyəsinə endirir. Şəxsiləşmiş şərin və şəxsiləşmiş xeyirin mübarizəsi ər-arvad davası kimi bir şeydir. 

Şəxsiləşmiş mübarizənin silahı isə təhqirdir. Çünki şəxsiləşmiş mübarizənin gözləntisi ideoloji deyil, psixoloji nəticədir. 

Allahın özünü belə şəxsiləşdirən mömin onu özü kimi düşünməyənlərdən söyüşlə, təhqirlər müdafiə edir, çünki ona ideoloji deyil, psixoloji qələbə lazımdır.
Aparılan muzdlu təbliğat budur: siz azərbaycanlılar dünyəvi münasibətlərin yesiri, qorxağı olmalısınız. 

Gücün zühuru bizim siyasiləşmiş əcinnələrdə köləlik kompleksi yaradır. Gücə qarşı mübarizə onlarda mədəni, siyasi mübarizə deyil, kortəbiidir, irsidir, instinktivdir, hər nədirsə, indiki şəkli ilə xəstəlikdir. Sağlam düşüncənin və rəqabətin məhsulu deyil. Bizi çürüdən şeyin ətrafında daha tez birləşirlər. Vaxtilə bu əcinnələrin babalarına bəylərimizi (oxu: milli gücümüzü) söydürürdülər. Elə xorla söydürürdülər ki, bu söyüşlərin səsi təəssüf ki, ədəbiyyatımızı, mədəniyyətimizi də başına götürmüşdü. Qərbdə güclü dövləti hədəfləyən modern çağın təfəkkürü Azərbaycanda Məhəmmədhəsən əminin olan-qalan bircə eşşəyini itirib axtarırdı. Elə o vaxt da milli-muzdlu əcinnələrimiz dövlətin taleyini düşünmək əvəzinə eşşəyin aqibətini fikirləşirdilər.
 
Aqşin Yenisey